Ambulatoriya əhaliyə xəstəxanadan kənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsi. Ambulatoriya ərazi sahə prinsipi üzrə tibbi yardım göstərir. Ambulatoriyalar müstəqil və ya xəstəxana nəzdində ola bilər. Poliklinikadan fərqli olaraq, ambulatoriya xəstələrə yalnız əsas ixtisaslar üzrə (terapiya, cərrahiyyə və stomatologiya, bəzən pediatriya, ginekologiya) tibbi yardım göstərir. Ambulatoriya dispanserizasiya (xəstələri vaxtında aşkara çıxartmaq) və səhiyyə maarifi ilə də məşğul olur.